6 yaşlı məktəbli qızın ölmünə görə Şəhər Şurası 584 min 61 manat cərimələndi
Böyük Britaniyanın Nyukasl-apon Tayn şəhərində, Gosforth Park Məktəbinin meydançasında güclü külək nəticəsində aşan və meydançada oynayan bir neçə uşağın həyatı üçün təhlükə yaradan çürümüş söyüd ağacının riskini düzgün qiymətləndirmədiyinə görə Nyukasl Şəhər Şurası böyük məbləğdə çərimələnib.
Xatırladaq ki, hadisə 25 sentyabr 2020-ci ildə baş verib. Hadisə zamanı ağac 2-ci sinif şagirdi 6 yaşlı Ella Hendersonun üzərinə aşaraq ona xəsarətlər yetirib. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Ella Hendersonu aşmış ağacın altından çıxararaq Nyukasl Kral Viktoriya Xəstəxanasına aparıblar. Həkimlərin səyinə baxmayaraq bir gün sonra 6 yaşlı Ella aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisədən sonra araşdırma aparan Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsi (SƏTƏM) faciəli hadisəyə bir sıra halların səbəb olduğunu müəyyən edib.
Məlum olub ki, təhlükəli ağaclarla bağlı tədbirləri həyata keçirməyə cavabdeh olan Nyukasl Şəhər Şurası iki ildən artıqdır ki, hadisəyə səbəb olan söyüd ağacının çürüməsinin dərəcəsini müəyyən edə və onun şagirdlərə yaratdığı riski qiymətləndirməyib.
Bildirilib ki, 2018-ci ilin fevralından 2020-ci ilin iyun ayına qədər şuranın əməkdaşları məktəbdəki ağaclara altı dəfə baxış keçiriblər. Lakin bütün bu müddət ərzində hadisəyə səbəb olmuş çürüyən söyüd ağacı ilə bağlı heç bir tədbir görülməyib.
Araşdırmaların yekunu olaraq Nyukasl Şəhər Şurası İş yerində Sağlamlıq və Təhlükəsizliyə dair yerli qanunvericiliyin müvafiq bəndlərini pozduğuna görə 280.000 funt sterlinq (584 min 61 manat) cərimələnib.